80) Əbəsə Surəsi
"Qaşqabağını tökdü" surəsi, 42 ayə,
Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
۞
عَبَسَ وَتَوَلَّىٰٓ [٨٠:١]
1) O qaşqabağını sallayıb üzünü yana çevirdi –
أَن جَآءَهُ ٱلْأَعْمَىٰ [٨٠:٢]
2) yanına bir korun gəlməsinə görə.
وَمَا يُدْرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ [٨٠:٣]
3) Nə bilirdin ki, bəlkə o günahlardan təmizlənəcəkdi
أَوْ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكْرَىٰٓ [٨٠:٤]
4) və yaxud nəsihət dinləyib faydalanacaqdı.
أَمَّا مَنِ ٱسْتَغْنَىٰ [٨٠:٥]
5) Nəsihətə ehtiyacı olmayana gəlincə isə –
فَأَنتَ لَهُۥ تَصَدَّىٰ [٨٠:٦]
6) sən ona diqqət yetirirsən.
وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ [٨٠:٧]
7) Onun təmizlənməməyinin sənə bir dəxli yoxdur.
وَأَمَّا مَن جَآءَكَ يَسْعَىٰ [٨٠:٨]
8) Səy göstərib sənin yanına gələn,
وَهُوَ يَخْشَىٰ [٨٠:٩]
9) Allahdan qorxan kimsəyə gəlincə,
فَأَنتَ عَنْهُ تَلَهَّىٰ [٨٠:١٠]
10) ona məhəl qoymursan!
كَلَّآ إِنَّهَا تَذْكِرَةٌ [٨٠:١١]
11) Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir.
فَمَن شَآءَ ذَكَرَهُۥ [٨٠:١٢]
12) Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın.
فِى صُحُفٍ مُّكَرَّمَةٍ [٨٠:١٣]
13) Bu Quran kəramətli səhifələrdədir,
مَّرْفُوعَةٍ مُّطَهَّرَةٍۭ [٨٠:١٤]
14) yüksək və pak səhifələrdədir.
بِأَيْدِى سَفَرَةٍ [٨٠:١٥]
15) Bu səhifələr elçilərin əllərində –
كِرَامٍۭ بَرَرَةٍ [٨٠:١٦]
16) möhtərəm və müti olanların əllərindədir.
قُتِلَ ٱلْإِنسَـٰنُ مَآ أَكْفَرَهُۥ [٨٠:١٧]
17) Qoy ölsün kafir insan! O necə də nankordur!
مِنْ أَىِّ شَىْءٍ خَلَقَهُۥ [٨٠:١٨]
18) Qoy baxıb görsün Allah onu nədən yaradıb?
مِن نُّطْفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ [٨٠:١٩]
19) Allah onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı.
ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ [٨٠:٢٠]
20) Sonra da onun yolunu asanlaşdırdı.
ثُمَّ أَمَاتَهُۥ فَأَقْبَرَهُۥ [٨٠:٢١]
21) Sonra onu öldürüb qəbirə yerləşdirdi.
ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ [٨٠:٢٢]
22) İstədiyi bir zaman onu dirildəcəkdir.
كَلَّا لَمَّا يَقْضِ مَآ أَمَرَهُۥ [٨٠:٢٣]
23) Xeyr! O, hələ də Allahın ona buyurduğunu yerinə yetirməmişdir.
فَلْيَنظُرِ ٱلْإِنسَـٰنُ إِلَىٰ طَعَامِهِۦٓ [٨٠:٢٤]
24) Qoy insan yediyinə diqqət yetirsin bir az!
أَنَّا صَبَبْنَا ٱلْمَآءَ صَبًّا [٨٠:٢٥]
25) Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq.
ثُمَّ شَقَقْنَا ٱلْأَرْضَ شَقًّا [٨٠:٢٦]
26) Sonra da yeri çat-çat yarıb
فَأَنۢبَتْنَا فِيهَا حَبًّا [٨٠:٢٧]
27) orada taxıl yetişdiririk.
وَعِنَبًا وَقَضْبًا [٨٠:٢٨]
28) Habelə üzüm və yonca,
وَزَيْتُونًا وَنَخْلًا [٨٠:٢٩]
29) zeytun və xurma ağacları,
وَحَدَآئِقَ غُلْبًا [٨٠:٣٠]
30) sıx-sıx bağlar,
وَفَـٰكِهَةً وَأَبًّا [٨٠:٣١]
31) meyvələr və otlar da bitiririk.
مَّتَـٰعًا لَّكُمْ وَلِأَنْعَـٰمِكُمْ [٨٠:٣٢]
32) Bu nemətlər sizin istifadəniz və mal-qaranızın faydalanması üçündür.
فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ [٨٠:٣٣]
33) Qulaqbatırıcı bir səs gələndə –
يَوْمَ يَفِرُّ ٱلْمَرْءُ مِنْ أَخِيهِ [٨٠:٣٤]
34) o gün insan qaçacaq öz qardaşından,
وَأُمِّهِۦ وَأَبِيهِ [٨٠:٣٥]
35) anasından, atasından,
وَصَـٰحِبَتِهِۦ وَبَنِيهِ [٨٠:٣٦]
36) arvadından və övladlarından!
لِكُلِّ ٱمْرِئٍ مِّنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ [٨٠:٣٧]
37) O gün onlardan hər birinin yetərincə işi olacaqdır.
وُجُوهٌ يَوْمَئِذٍ مُّسْفِرَةٌ [٨٠:٣٨]
38) O gün neçə-neçə üzlər parlayacaq,
ضَاحِكَةٌ مُّسْتَبْشِرَةٌ [٨٠:٣٩]
39) güləcək və fərəhlənəcəkdir.
وَوُجُوهٌ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌ [٨٠:٤٠]
40) O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq,
تَرْهَقُهَا قَتَرَةٌ [٨٠:٤١]
41) onları zülmət bürüyəcəkdir.
أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْكَفَرَةُ ٱلْفَجَرَةُ [٨٠:٤٢]
42) Məhz onlar kafirlər, günahkarlardır!