78) Nəbə Surəsi
"Xəbər" surəsi, 40 ayə, Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

(30) ۞ عَمَّ يَتَسَآءَلُونَ [٧٨:١]
1) Onlar nə barədə bir-birindən soruşurlar?

عَنِ ٱلنَّبَإِ ٱلْعَظِيمِ [٧٨:٢]
2) Böyük bir xəbər barəsində –

ٱلَّذِى هُمْ فِيهِ مُخْتَلِفُونَ [٧٨:٣]
3) elə bir xəbər ki, onlar onun haqqında ziddiyyətdədirlər.

كَلَّا سَيَعْلَمُونَ [٧٨:٤]
4) Xeyr, onlar Qiyamətin həqiqət olduğunu hökmən biləcəklər!

ثُمَّ كَلَّا سَيَعْلَمُونَ [٧٨:٥]
5) Bir daha xeyr! Onlar hökmən biləcəklər!

أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ مِهَـٰدًا [٧٨:٦]
6) Məgər Biz yeri yataq etmədikmi?

وَٱلْجِبَالَ أَوْتَادًا [٧٨:٧]
7) Dağları da payalar?!

وَخَلَقْنَـٰكُمْ أَزْوَ‌ٰجًا [٧٨:٨]
8) Biz sizi cüt yaratdıq.

وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا [٧٨:٩]
9) Yuxunuzu da sizin üçün rahatlıq etdik.

وَجَعَلْنَا ٱلَّيْلَ لِبَاسًا [٧٨:١٠]
10) Gecəni örtük etdik,

وَجَعَلْنَا ٱلنَّهَارَ مَعَاشًا [٧٨:١١]
11) gündüzü isə ruzi qazanmaq vaxtı.

وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا [٧٨:١٢]
12) Üstünüzdə yeddi möhkəm göy qurduq

وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا [٧٨:١٣]
13) və çox parlaq bir çıraq yaratdıq.

وَأَنزَلْنَا مِنَ ٱلْمُعْصِرَ‌ٰتِ مَآءً ثَجَّاجًا [٧٨:١٤]
14) Biz buludlardan şırıltıyla yağış yağdırdıq ki,

لِّنُخْرِجَ بِهِۦ حَبًّا وَنَبَاتًا [٧٨:١٥]
15) onunla taxıl və digər bitkilər yetişdirək,

وَجَنَّـٰتٍ أَلْفَافًا [٧٨:١٦]
16) habelə ağaclarının qol-budaqları bir-birinə sarmaşan bağlar salaq.

إِنَّ يَوْمَ ٱلْفَصْلِ كَانَ مِيقَـٰتًا [٧٨:١٧]
17) Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir!

يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا [٧٨:١٨]
18) Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz.

وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتْ أَبْوَ‌ٰبًا [٧٨:١٩]
19) O gün göyün qapıları açılacaqdır.

وَسُيِّرَتِ ٱلْجِبَالُ فَكَانَتْ سَرَابًا [٧٨:٢٠]
20) Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcək.

إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا [٧٨:٢١]
21) Həqiqətən, Cəhənnəm kafirlər üçün pusquda dayanıb gözləyir.

لِّلطَّـٰغِينَ مَـَٔابًا [٧٨:٢٢]
22) O, həddi aşanların qayıdacağı yerdir.

لَّـٰبِثِينَ فِيهَآ أَحْقَابًا [٧٨:٢٣]
23) Onlar orada əsrlər boyu qalacaqlar.

لَّا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا [٧٨:٢٤]
24) Onlar orada nə bir sərinlik, nə də sərinlədirici içki dadacaqlar.

إِلَّا حَمِيمًا وَغَسَّاقًا [٧٨:٢٥]
25) İçdikləri yalnız qaynar su və irin olacaq –

جَزَآءً وِفَاقًا [٧٨:٢٦]
26) Törətdikləri əməllərinə uyğun bir cəza kimi.

إِنَّهُمْ كَانُوا۟ لَا يَرْجُونَ حِسَابًا [٧٨:٢٧]
27) Doğrusu, onlar haqq-hesab çəkiləcəklərinə ümid etmirdilər.

وَكَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا كِذَّابًا [٧٨:٢٨]
28) Ayələrimizi də qətiyyətlə təkzib edirdilər.

وَكُلَّ شَىْءٍ أَحْصَيْنَـٰهُ كِتَـٰبًا [٧٨:٢٩]
29) Biz hər bir şeyi hesablayıb yazmışıq.

فَذُوقُوا۟ فَلَن نَّزِيدَكُمْ إِلَّا عَذَابًا [٧٨:٣٠]
30) Elə isə dadın əzabı! Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!

إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا [٧٨:٣١]
31) Həqiqətən, müttəqilər üçün nicat yeri vardır.

حَدَآئِقَ وَأَعْنَـٰبًا [٧٨:٣٢]
32) Həmçinin bağlar və üzümlüklər,

وَكَوَاعِبَ أَتْرَابًا [٧٨:٣٣]
33) dolğun döşlü həmyaşıd qızlar

وَكَأْسًا دِهَاقًا [٧٨:٣٤]
34) və ləbələb doldurulmuş qədəhlər də vardır!

لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّ‌ٰبًا [٧٨:٣٥]
35) Onlar orada nə mənasız sözlər, nə də iftira eşidəcəklər.

جَزَآءً مِّن رَّبِّكَ عَطَآءً حِسَابًا [٧٨:٣٦]
36) Bunlar sənin Rəbbindən olan mükafatlar, artıqlaması ilə verilən töhfələrdir.

رَّبِّ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ٱلرَّحْمَـٰنِ ۖ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًا [٧٨:٣٧]
37) Göylərin, yerin və onların arasında olanların Mərhəmətli Rəbbindən mükafatdır. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar.

يَوْمَ يَقُومُ ٱلرُّوحُ وَٱلْمَلَـٰٓئِكَةُ صَفًّا ۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ ٱلرَّحْمَـٰنُ وَقَالَ صَوَابًا [٧٨:٣٨]
38) Ruh (Cəbrail) və mələklər səf-səf duracağı gün, Mərhəmətli Allahın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq.

ذَ‌ٰلِكَ ٱلْيَوْمُ ٱلْحَقُّ ۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا [٧٨:٣٩]
39) O gün, gerçək bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar!

إِنَّآ أَنذَرْنَـٰكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنظُرُ ٱلْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ ٱلْكَافِرُ يَـٰلَيْتَنِى كُنتُ تُرَ‌ٰبًۢا [٧٨:٤٠]
40) Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!”