70) Məaric Surəsi
"Dərəcələr" surəsi, 44 ayə, Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

سَأَلَ سَآئِلٌۢ بِعَذَابٍ وَاقِعٍ [٧٠:١]
1) İstəyən kimsə baş verəcək əzabı istədi –

لِّلْكَـٰفِرِينَ لَيْسَ لَهُۥ دَافِعٌ [٧٠:٢]
2) bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapılmayacaq.

مِّنَ ٱللَّهِ ذِى ٱلْمَعَارِجِ [٧٠:٣]
3) O, dərəcələr sahibi olan Allahdandır.

تَعْرُجُ ٱلْمَلَـٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيْهِ فِى يَوْمٍ كَانَ مِقْدَارُهُۥ خَمْسِينَ أَلْفَ سَنَةٍ [٧٠:٤]
4) Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar.

فَٱصْبِرْ صَبْرًا جَمِيلًا [٧٠:٥]
5) Sən təmkinlə səbir et!

إِنَّهُمْ يَرَوْنَهُۥ بَعِيدًا [٧٠:٦]
6) Doğrusu, kafirlər o əzabın uzaq olduğunu güman edirlər.

وَنَرَىٰهُ قَرِيبًا [٧٠:٧]
7) Biz isə onun yaxın olduğunu görürük.

يَوْمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلْمُهْلِ [٧٠:٨]
8) O gün göy əridilmiş metal kimi olacaqdır.

وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ [٧٠:٩]
9) Dağlar da didilmiş yuna bənzəyəcəklər.

وَلَا يَسْـَٔلُ حَمِيمٌ حَمِيمًا [٧٠:١٠]
10) Dost dostunun halını xəbər almayacaq.

يُبَصَّرُونَهُمْ ۚ يَوَدُّ ٱلْمُجْرِمُ لَوْ يَفْتَدِى مِنْ عَذَابِ يَوْمِئِذٍۭ بِبَنِيهِ [٧٠:١١]
11) Halbuki onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını,

وَصَـٰحِبَتِهِۦ وَأَخِيهِ [٧٠:١٢]
12) həyat yoldaşını və qardaşını,

وَفَصِيلَتِهِ ٱلَّتِى تُـْٔوِيهِ [٧٠:١٣]
13) ona sığınacaq vermiş nəslini

وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًا ثُمَّ يُنجِيهِ [٧٠:١٤]
14) və yer üzündə olanların hamısını – təki bu onu xilas etsin.

كَلَّآ ۖ إِنَّهَا لَظَىٰ [٧٠:١٥]
15) Xeyr! Bu, alovu şölələnən Oddur –

نَزَّاعَةً لِّلشَّوَىٰ [٧٠:١٦]
16) başın dərisini sıyırıb çıxaran bir od.

تَدْعُوا۟ مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ [٧٠:١٧]
17) O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni

وَجَمَعَ فَأَوْعَىٰٓ [٧٠:١٨]
18) və mal-dövlət yığıb saxlayanı.

۞ إِنَّ ٱلْإِنسَـٰنَ خُلِقَ هَلُوعًا [٧٠:١٩]
19) Həqiqətən, insan kəmhövsələ yaradılmışdır.

إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعًا [٧٠:٢٠]
20) Ona bir pislik toxunduqda özündən çıxır,

وَإِذَا مَسَّهُ ٱلْخَيْرُ مَنُوعًا [٧٠:٢١]
21) bir xeyir nəsib olduqda isə xəsislik edir.

إِلَّا ٱلْمُصَلِّينَ [٧٠:٢٢]
22) Namaz qılanlar istisnadır.

ٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَآئِمُونَ [٧٠:٢٣]
23) O kəslər ki, namazlarını həmişə qılırlar.

وَٱلَّذِينَ فِىٓ أَمْوَ‌ٰلِهِمْ حَقٌّ مَّعْلُومٌ [٧٠:٢٤]
24) O kəslər ki, onların mallarında məlum bir haqq vardır-

لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ [٧٠:٢٥]
25) dilənən və həya edib dilənməyən miskinlər üçün.

وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ ٱلدِّينِ [٧٠:٢٦]
26) O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər.

وَٱلَّذِينَ هُم مِّنْ عَذَابِ رَبِّهِم مُّشْفِقُونَ [٧٠:٢٧]
27) O kəslər ki, Rəbbinin əzabından qorxurlar.

إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ [٧٠:٢٨]
28) Axı Rəbbinin əzabı onlar üçün də təhlükəsiz deyil.

وَٱلَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَـٰفِظُونَ [٧٠:٢٩]
29) O kəslər ki, tənasül üzvlərini zinadan qoruyurlar –

إِلَّا عَلَىٰٓ أَزْوَ‌ٰجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَـٰنُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ [٧٠:٣٠]
30) zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna görə onlar əsla qınanmazlar.

فَمَنِ ٱبْتَغَىٰ وَرَآءَ ذَ‌ٰلِكَ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْعَادُونَ [٧٠:٣١]
31) Bundan artığını istəyənlər isə həddi aşanlardır.

وَٱلَّذِينَ هُمْ لِأَمَـٰنَـٰتِهِمْ وَعَهْدِهِمْ رَ‌ٰعُونَ [٧٠:٣٢]
32) O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar.

وَٱلَّذِينَ هُم بِشَهَـٰدَ‌ٰتِهِمْ قَآئِمُونَ [٧٠:٣٣]
33) O kəslər ki, şahidliklərində mətindirlər.

وَٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ [٧٠:٣٤]
34) Bir də o kəslər ki, namazlarını dəqiqliklə qılırlar.

أُو۟لَـٰٓئِكَ فِى جَنَّـٰتٍ مُّكْرَمُونَ [٧٠:٣٥]
35) Cənnət bağlarında hörmət göstəriləcək insanlar da elə onlar olacaqdır.

فَمَالِ ٱلَّذِينَ كَفَرُوا۟ قِبَلَكَ مُهْطِعِينَ [٧٠:٣٦]
36) Sənə doğru tələsən kafirlərə nə olub belə –

عَنِ ٱلْيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ [٧٠:٣٧]
37) sağdan-soldan dəstələrlə ətrafına yığışırlar?

أَيَطْمَعُ كُلُّ ٱمْرِئٍ مِّنْهُمْ أَن يُدْخَلَ جَنَّةَ نَعِيمٍ [٧٠:٣٨]
38) Deyəsən onların hamısı Nəim cənnətinə bir təhər girə biləcəklərini düşünürlər?

كَلَّآ ۖ إِنَّا خَلَقْنَـٰهُم مِّمَّا يَعْلَمُونَ [٧٠:٣٩]
39) Xeyr! Bu mümkün deyil! Biz onları bildikləri şeydən xəlq etmişik.

فَلَآ أُقْسِمُ بِرَبِّ ٱلْمَشَـٰرِقِ وَٱلْمَغَـٰرِبِ إِنَّا لَقَـٰدِرُونَ [٧٠:٤٠]
40) And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, elə bir qüdrətə malikik ki, –

عَلَىٰٓ أَن نُّبَدِّلَ خَيْرًا مِّنْهُمْ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ [٧٠:٤١]
41) onları daha yaxşıları ilə əvəz edə bilərik. Bunda qarşımıza çıxa bilən tapılmaz.

فَذَرْهُمْ يَخُوضُوا۟ وَيَلْعَبُوا۟ حَتَّىٰ يُلَـٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى يُوعَدُونَ [٧٠:٤٢]
42) Vədə verilmiş günə çatanadək onlarla daha işin olmasın, qoy boş-boş danışsınlar və əylənsinlər.

يَوْمَ يَخْرُجُونَ مِنَ ٱلْأَجْدَاثِ سِرَاعًا كَأَنَّهُمْ إِلَىٰ نُصُبٍ يُوفِضُونَ [٧٠:٤٣]
43) O gün, məbudlarına ibadətə can atırmışlar kimi onlar qəbirlərdən çıxacaqlar.

خَـٰشِعَةً أَبْصَـٰرُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۚ ذَ‌ٰلِكَ ٱلْيَوْمُ ٱلَّذِى كَانُوا۟ يُوعَدُونَ [٧٠:٤٤]
44) O gün onların baxışları yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Budur onların xəbərdar edildikləri Gün!