54) Qamər Surəsi
"Ay" surəsi, 55 ayə, Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

ٱقْتَرَبَتِ ٱلسَّاعَةُ وَٱنشَقَّ ٱلْقَمَرُ [٥٤:١]
1) O Saat yaxınlaşdı və ay bölündü.

وَإِن يَرَوْا۟ ءَايَةً يُعْرِضُوا۟ وَيَقُولُوا۟ سِحْرٌ مُّسْتَمِرٌّ [٥٤:٢]
2) Onlar bir möcüzə gördükdə üz döndərib: “Bu, tez keçib-gedən bir sehrdir” deyirlər.

وَكَذَّبُوا۟ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُمْ ۚ وَكُلُّ أَمْرٍ مُّسْتَقِرٌّ [٥٤:٣]
3) Onlar Peyğəmbəri yalançı saydılar və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir iş bərqərar olacaqdır.

وَلَقَدْ جَآءَهُم مِّنَ ٱلْأَنۢبَآءِ مَا فِيهِ مُزْدَجَرٌ [٥٤:٤]
4) Onlara küfrdən çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.

حِكْمَةٌۢ بَـٰلِغَةٌ ۖ فَمَا تُغْنِ ٱلنُّذُرُ [٥٤:٥]
5) Bu böyük bir hikmətdir. Lakin arxa çevirənlərə təhdidlər nə fayda verə bilər?!

فَتَوَلَّ عَنْهُمْ ۘ يَوْمَ يَدْعُ ٱلدَّاعِ إِلَىٰ شَىْءٍ نُّكُرٍ [٥٤:٦]
6) Sən də onları tərk et! Carçının onları xoşagəlməz bir şeyə çağıracağı gün

خُشَّعًا أَبْصَـٰرُهُمْ يَخْرُجُونَ مِنَ ٱلْأَجْدَاثِ كَأَنَّهُمْ جَرَادٌ مُّنتَشِرٌ [٥٤:٧]
7) onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.

مُّهْطِعِينَ إِلَى ٱلدَّاعِ ۖ يَقُولُ ٱلْكَـٰفِرُونَ هَـٰذَا يَوْمٌ عَسِرٌ [٥٤:٨]
8) Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!”– deyəcəklər.

۞ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ فَكَذَّبُوا۟ عَبْدَنَا وَقَالُوا۟ مَجْنُونٌ وَٱزْدُجِرَ [٥٤:٩]
9) Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!”– dedilər və ona hədə-qorxu gəldilər.

فَدَعَا رَبَّهُۥٓ أَنِّى مَغْلُوبٌ فَٱنتَصِرْ [٥٤:١٠]
10) O, Rəbbinə yalvarıb: “Məni üstələdilər! Mənə kömək et!”– dedi.

فَفَتَحْنَآ أَبْوَ‌ٰبَ ٱلسَّمَآءِ بِمَآءٍ مُّنْهَمِرٍ [٥٤:١١]
11) Biz göyün qapılarını leysan yağışı ilə açdıq.

وَفَجَّرْنَا ٱلْأَرْضَ عُيُونًا فَٱلْتَقَى ٱلْمَآءُ عَلَىٰٓ أَمْرٍ قَدْ قُدِرَ [٥٤:١٢]
12) Yeri yarıb bulaqlar qaynatdıq. Göydən tökülən və yerdən çıxan sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu.

وَحَمَلْنَـٰهُ عَلَىٰ ذَاتِ أَلْوَ‌ٰحٍ وَدُسُرٍ [٥٤:١٣]
13) Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq.

تَجْرِى بِأَعْيُنِنَا جَزَآءً لِّمَن كَانَ كُفِرَ [٥٤:١٤]
14) İnkar edilmiş peyğəmbərə mükafat olaraq o gəmi Gözlərimiz önündə üzüb gedirdi.

وَلَقَد تَّرَكْنَـٰهَآ ءَايَةً فَهَلْ مِن مُّدَّكِرٍ [٥٤:١٥]
15) Biz onu (həmin hadisəni) nəsillərə ibrət üçün saxladıq. Amma heç bir yada salan varmı?

فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ [٥٤:١٦]
16) Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!

وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ [٥٤:١٧]
17) Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?

كَذَّبَتْ عَادٌ فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ [٥٤:١٨]
18) Ad qövmü də elçiləri yalançı saydı. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!

إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِى يَوْمِ نَحْسٍ مُّسْتَمِرٍّ [٥٤:١٩]
19) Biz uzun sürən uğursuz bir gündə onların üstünə çox soyuq külək göndərdik.

تَنزِعُ ٱلنَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ مُّنقَعِرٍ [٥٤:٢٠]
20) O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı.

فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ [٥٤:٢١]
21) Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!

وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ [٥٤:٢٢]
22) Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?

كَذَّبَتْ ثَمُودُ بِٱلنُّذُرِ [٥٤:٢٣]
23) Səmud qövmü də xəbərdarlıqları yalan saydı.

فَقَالُوٓا۟ أَبَشَرًا مِّنَّا وَ‌ٰحِدًا نَّتَّبِعُهُۥٓ إِنَّآ إِذًا لَّفِى ضَلَـٰلٍ وَسُعُرٍ [٥٤:٢٤]
24) Onlar dedilər: “Özümüzdən olan bir adamamı tabe olacağıq? Onda biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq!

أَءُلْقِىَ ٱلذِّكْرُ عَلَيْهِ مِنۢ بَيْنِنَا بَلْ هُوَ كَذَّابٌ أَشِرٌ [٥٤:٢٥]
25) Zikr aramızdan təkcə onamı verildi? Xeyr, o, yalançıdır, lovğadır!”

سَيَعْلَمُونَ غَدًا مَّنِ ٱلْكَذَّابُ ٱلْأَشِرُ [٥٤:٢٦]
26) Sabah onlar kimin yalançı və lovğa olduğunu mütləq biləcəklər.

إِنَّا مُرْسِلُوا۟ ٱلنَّاقَةِ فِتْنَةً لَّهُمْ فَٱرْتَقِبْهُمْ وَٱصْطَبِرْ [٥٤:٢٧]
27) Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Sən isə gözlə və səbir et!

وَنَبِّئْهُمْ أَنَّ ٱلْمَآءَ قِسْمَةٌۢ بَيْنَهُمْ ۖ كُلُّ شِرْبٍ مُّحْتَضَرٌ [٥٤:٢٨]
28) Onlara xəbər ver ki, bu su, dəvə ilə onlar arasında bölüşdürülmüşdür. Hər biri su içməyə öz növbəsində gəlsin!”

فَنَادَوْا۟ صَاحِبَهُمْ فَتَعَاطَىٰ فَعَقَرَ [٥٤:٢٩]
29) Onlar öz yoldaşlarını çağırdılar. O da dəvəni tutub diz vətərini kəsdi.

فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ [٥٤:٣٠]
30) Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!

إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ صَيْحَةً وَ‌ٰحِدَةً فَكَانُوا۟ كَهَشِيمِ ٱلْمُحْتَظِرِ [٥٤:٣١]
31) Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular.

وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ [٥٤:٣٢]
32) Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?

كَذَّبَتْ قَوْمُ لُوطٍۭ بِٱلنُّذُرِ [٥٤:٣٣]
33) Lut qövmü də xəbərdarlıqları yalan saydı.

إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ حَاصِبًا إِلَّآ ءَالَ لُوطٍ ۖ نَّجَّيْنَـٰهُم بِسَحَرٍ [٥٤:٣٤]
34) Biz onların üstünə qasırğa ilə birgə daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik –

نِّعْمَةً مِّنْ عِندِنَا ۚ كَذَ‌ٰلِكَ نَجْزِى مَن شَكَرَ [٥٤:٣٥]
35) Özümüzdən bir mərhəmət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq.

وَلَقَدْ أَنذَرَهُم بَطْشَتَنَا فَتَمَارَوْا۟ بِٱلنُّذُرِ [٥٤:٣٦]
36) Lut onları Bizim əzabımızla hədələdi, onlar isə bu xəbərdarlıqlara şübhə ilə yanaşdılar.

وَلَقَدْ رَ‌ٰوَدُوهُ عَن ضَيْفِهِۦ فَطَمَسْنَآ أَعْيُنَهُمْ فَذُوقُوا۟ عَذَابِى وَنُذُرِ [٥٤:٣٧]
37) Onlar Lutdan qonaqlarını israrla tələb etdilər. Biz də onları kor etdik və dedik: “Əzabımı və təhdidlərimi dadın!”

وَلَقَدْ صَبَّحَهُم بُكْرَةً عَذَابٌ مُّسْتَقِرٌّ [٥٤:٣٨]
38) Sübh tezdən onlara yaxalarından əl çəkməyəcək bir əzab gəldi.

فَذُوقُوا۟ عَذَابِى وَنُذُرِ [٥٤:٣٩]
39) Elə isə əzabımı və təhdidlərimi dadın!

وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ [٥٤:٤٠]
40) Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?

وَلَقَدْ جَآءَ ءَالَ فِرْعَوْنَ ٱلنُّذُرُ [٥٤:٤١]
41) Xəbərdarlıqlar Firon nəslinə də göndərildi.

كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا كُلِّهَا فَأَخَذْنَـٰهُمْ أَخْذَ عَزِيزٍ مُّقْتَدِرٍ [٥٤:٤٢]
42) Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları Qüvvət və Qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq.

أَكُفَّارُكُمْ خَيْرٌ مِّنْ أُو۟لَـٰٓئِكُمْ أَمْ لَكُم بَرَآءَةٌ فِى ٱلزُّبُرِ [٥٤:٤٣]
43) Sizin kafirləriniz onlardan yaxşıdırmı? Yoxsa Kitablarda sizə toxunulmazlıq vəd edilmişdir?

أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌ مُّنتَصِرٌ [٥٤:٤٤]
44) Yoxsa onlar: “Biz qalib gələcək bir dəstəyik!”– deyirlər?

سَيُهْزَمُ ٱلْجَمْعُ وَيُوَلُّونَ ٱلدُّبُرَ [٥٤:٤٥]
45) Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaçacaqdır.

بَلِ ٱلسَّاعَةُ مَوْعِدُهُمْ وَٱلسَّاعَةُ أَدْهَىٰ وَأَمَرُّ [٥٤:٤٦]
46) Xeyr! Onlara vəd edilmiş vaxt o Saatdır. O Saat isə daha ağır, daha acıdır.

إِنَّ ٱلْمُجْرِمِينَ فِى ضَلَـٰلٍ وَسُعُرٍ [٥٤:٤٧]
47) Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər.

يَوْمَ يُسْحَبُونَ فِى ٱلنَّارِ عَلَىٰ وُجُوهِهِمْ ذُوقُوا۟ مَسَّ سَقَرَ [٥٤:٤٨]
48) O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək və onlara: “Cəhənnəmin təmasını dadın!”– deyiləcəkdir.

إِنَّا كُلَّ شَىْءٍ خَلَقْنَـٰهُ بِقَدَرٍ [٥٤:٤٩]
49) Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq.

وَمَآ أَمْرُنَآ إِلَّا وَ‌ٰحِدَةٌ كَلَمْحٍۭ بِٱلْبَصَرِ [٥٤:٥٠]
50) Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir.

وَلَقَدْ أَهْلَكْنَآ أَشْيَاعَكُمْ فَهَلْ مِن مُّدَّكِرٍ [٥٤:٥١]
51) Biz neçə-neçə həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı?

وَكُلُّ شَىْءٍ فَعَلُوهُ فِى ٱلزُّبُرِ [٥٤:٥٢]
52) Onların etdiyi hər şey əməllərinin yazıldığı kitablarındadır.

وَكُلُّ صَغِيرٍ وَكَبِيرٍ مُّسْتَطَرٌ [٥٤:٥٣]
53) Hər bir kiçik və böyük əməl yazılmışdır.

إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍ وَنَهَرٍ [٥٤:٥٤]
54) Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında,

فِى مَقْعَدِ صِدْقٍ عِندَ مَلِيكٍ مُّقْتَدِرٍۭ [٥٤:٥٥]
55) qadir Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar!