52) Tur Surəsi
"Dağ" surəsi, 49 ayə, Məkkədə nazil olub
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

وَٱلطُّورِ [٥٢:١]
1) And olsun dağa!

وَكِتَـٰبٍ مَّسْطُورٍ [٥٢:٢]
2) And olsun yazılmış Kitaba –

فِى رَقٍّ مَّنشُورٍ [٥٢:٣]
3) nazik dəri üzərində olan Kitaba!

وَٱلْبَيْتِ ٱلْمَعْمُورِ [٥٢:٤]
4) And olsun Beytulməmura!

وَٱلسَّقْفِ ٱلْمَرْفُوعِ [٥٢:٥]
5) And olsun yüksək tavana!

وَٱلْبَحْرِ ٱلْمَسْجُورِ [٥٢:٦]
6) And olsun alovlanan dənizə!

إِنَّ عَذَابَ رَبِّكَ لَوَ‌ٰقِعٌ [٥٢:٧]
7) Rəbbinin əzabı hökmən vaqe olacaqdır.

مَّا لَهُۥ مِن دَافِعٍ [٥٢:٨]
8) Heç nə onun qarşısını ala bilməz.

يَوْمَ تَمُورُ ٱلسَّمَآءُ مَوْرًا [٥٢:٩]
9) O gün göy şiddətlə sarsılacaq,

وَتَسِيرُ ٱلْجِبَالُ سَيْرًا [٥٢:١٠]
10) dağlar da hərəkətə gələcəkdir.

فَوَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ [٥٢:١١]
11) O gün vay halına haqqı yalan sayanların!

ٱلَّذِينَ هُمْ فِى خَوْضٍ يَلْعَبُونَ [٥٢:١٢]
12) O kəslər ki, yalan bataqlığında əylənirlər.

يَوْمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا [٥٢:١٣]
13) O gün onlar amansızcasına sürüdülərək Cəhənnəm oduna atılacaqlar.

هَـٰذِهِ ٱلنَّارُ ٱلَّتِى كُنتُم بِهَا تُكَذِّبُونَ [٥٢:١٤]
14) Onlara deyiləcək: “Bu sizin yalan saydığınız Cəhənnəm odudur!

أَفَسِحْرٌ هَـٰذَآ أَمْ أَنتُمْ لَا تُبْصِرُونَ [٥٢:١٥]
15) Bəlkə bu da sehrdir, siz görmürsünüz?

ٱصْلَوْهَا فَٱصْبِرُوٓا۟ أَوْ لَا تَصْبِرُوا۟ سَوَآءٌ عَلَيْكُمْ ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ [٥٢:١٦]
16) Yanın orada! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir”.

إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍ وَنَعِيمٍ [٥٢:١٧]
17) Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və nemət içində yaşayacaqlar.

فَـٰكِهِينَ بِمَآ ءَاتَىٰهُمْ رَبُّهُمْ وَوَقَىٰهُمْ رَبُّهُمْ عَذَابَ ٱلْجَحِيمِ [٥٢:١٨]
18) Rəbbinin onlara bəxş etdiyinə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından xilas etmişdir.

كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَا كُنتُمْ تَعْمَلُونَ [٥٢:١٩]
19) Onlara deyiləcək: “Xeyirxah əməllərinizin əvəzi olaraq nuşcanlıqla yeyin, için!”

مُتَّكِـِٔينَ عَلَىٰ سُرُرٍ مَّصْفُوفَةٍ ۖ وَزَوَّجْنَـٰهُم بِحُورٍ عِينٍ [٥٢:٢٠]
20) Onlar səflərlə salınmış mütəkkələrə dirsəklənəcəklər. Biz onları iri qaragözlü hurilərlə evləndirəcəyik.

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَٱتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُم بِإِيمَـٰنٍ أَلْحَقْنَا بِهِمْ ذُرِّيَّتَهُمْ وَمَآ أَلَتْنَـٰهُم مِّنْ عَمَلِهِم مِّن شَىْءٍ ۚ كُلُّ ٱمْرِئٍۭ بِمَا كَسَبَ رَهِينٌ [٥٢:٢١]
21) Möminlərin imanda onların arxasınca gedən nəsillərini də Cənnətdə özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur.

وَأَمْدَدْنَـٰهُم بِفَـٰكِهَةٍ وَلَحْمٍ مِّمَّا يَشْتَهُونَ [٥٢:٢٢]
22) Onlara istədikləri meyvədən və ətdən bol-bol verəcəyik.

يَتَنَـٰزَعُونَ فِيهَا كَأْسًا لَّا لَغْوٌ فِيهَا وَلَا تَأْثِيمٌ [٥٢:٢٣]
23) Onlar orada bir-birinə şərab dolu badə uzadacaqlar. Bu şərab onları nə boşboğazlığa, nə də günaha təhrik etməz.

۞ وَيَطُوفُ عَلَيْهِمْ غِلْمَانٌ لَّهُمْ كَأَنَّهُمْ لُؤْلُؤٌ مَّكْنُونٌ [٥٢:٢٤]
24) Onların ətrafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi yeniyetmə oğlanlar dolanacaqlar.

وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَآءَلُونَ [٥٢:٢٥]
25) Onlar bir-birinə üz tutub soruşacaqlar.

قَالُوٓا۟ إِنَّا كُنَّا قَبْلُ فِىٓ أَهْلِنَا مُشْفِقِينَ [٥٢:٢٦]
26) Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən Allahdan qorxurduq.

فَمَنَّ ٱللَّهُ عَلَيْنَا وَوَقَىٰنَا عَذَابَ ٱلسَّمُومِ [٥٢:٢٧]
27) Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu.

إِنَّا كُنَّا مِن قَبْلُ نَدْعُوهُ ۖ إِنَّهُۥ هُوَ ٱلْبَرُّ ٱلرَّحِيمُ [٥٢:٢٨]
28) Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, Rəhmlidir!”

فَذَكِّرْ فَمَآ أَنتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍ وَلَا مَجْنُونٍ [٥٢:٢٩]
29) Onlara xatırlat! Sən öz Rəbbinin neməti sayəsində nə kahinsən, nə də dəli!

أَمْ يَقُولُونَ شَاعِرٌ نَّتَرَبَّصُ بِهِۦ رَيْبَ ٱلْمَنُونِ [٥٢:٣٠]
30) Yoxsa onlar: “O bir şairdir. Biz onun ölümünü gözləyirik!”– deyirlər.

قُلْ تَرَبَّصُوا۟ فَإِنِّى مَعَكُم مِّنَ ٱلْمُتَرَبِّصِينَ [٥٢:٣١]
31) De: “Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”

أَمْ تَأْمُرُهُمْ أَحْلَـٰمُهُم بِهَـٰذَآ ۚ أَمْ هُمْ قَوْمٌ طَاغُونَ [٥٢:٣٢]
32) Yoxsa onların ağılları bunu onlara əmr edir? Yaxud onlar azğın adamlardır?

أَمْ يَقُولُونَ تَقَوَّلَهُۥ ۚ بَل لَّا يُؤْمِنُونَ [٥٢:٣٣]
33) Yoxsa onlar: “Bunu özündən uydurdun!”– deyirlər. Xeyr, onlar iman gətirmirlər.

فَلْيَأْتُوا۟ بِحَدِيثٍ مِّثْلِهِۦٓ إِن كَانُوا۟ صَـٰدِقِينَ [٥٢:٣٤]
34) Əgər doğru söyləyirlərsə, qoy ona (Qurana) bənzər bir kəlam gətirsinlər.

أَمْ خُلِقُوا۟ مِنْ غَيْرِ شَىْءٍ أَمْ هُمُ ٱلْخَـٰلِقُونَ [٥٢:٣٥]
35) Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır?

أَمْ خَلَقُوا۟ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضَ ۚ بَل لَّا يُوقِنُونَ [٥٢:٣٦]
36) Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar.

أَمْ عِندَهُمْ خَزَآئِنُ رَبِّكَ أَمْ هُمُ ٱلْمُصَۣيْطِرُونَ [٥٢:٣٧]
37) Yoxsa sənin Rəbbinin xəzinələri onlardadır? Yaxud onlar hökm sahibidirlər?

أَمْ لَهُمْ سُلَّمٌ يَسْتَمِعُونَ فِيهِ ۖ فَلْيَأْتِ مُسْتَمِعُهُم بِسُلْطَـٰنٍ مُّبِينٍ [٥٢:٣٨]
38) Yoxsa onların, üstünə çıxıb mələklərin söhbətlərini dinlədikləri bir nərdivanı vardır? Onda qoy onların mələkləri dinləyənləri anlaşıqlı bir dəlil gətirsinlər!

أَمْ لَهُ ٱلْبَنَـٰتُ وَلَكُمُ ٱلْبَنُونَ [٥٢:٣٩]
39) Yoxsa qızlar Onun, oğlanlar isə sizindir?

أَمْ تَسْـَٔلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ [٥٢:٤٠]
40) Yoxsa sən onlardan bir mükafat istəyirsən və onlar da borclu qaldıqlarına görə ağır yük altındadırlar?

أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ [٥٢:٤١]
41) Yoxsa onlar qeybi bilir və onu yazırlar?

أَمْ يُرِيدُونَ كَيْدًا ۖ فَٱلَّذِينَ كَفَرُوا۟ هُمُ ٱلْمَكِيدُونَ [٥٢:٤٢]
42) Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar.

أَمْ لَهُمْ إِلَـٰهٌ غَيْرُ ٱللَّهِ ۚ سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يُشْرِكُونَ [٥٢:٤٣]
43) Yoxsa onların Allahdan başqa bir məbudu var? Allah onların qoşduqları şəriklərdən uzaqdır.

وَإِن يَرَوْا۟ كِسْفًا مِّنَ ٱلسَّمَآءِ سَاقِطًا يَقُولُوا۟ سَحَابٌ مَّرْكُومٌ [٥٢:٤٤]
44) Əgər onlar göy parçalarının düşdüyünü görsələr: “Bulud topasıdır!”– deyərlər.

فَذَرْهُمْ حَتَّىٰ يُلَـٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى فِيهِ يُصْعَقُونَ [٥٢:٤٥]
45) Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et!

يَوْمَ لَا يُغْنِى عَنْهُمْ كَيْدُهُمْ شَيْـًٔا وَلَا هُمْ يُنصَرُونَ [٥٢:٤٦]
46) O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcəkdir.

وَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ عَذَابًا دُونَ ذَ‌ٰلِكَ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ [٥٢:٤٧]
47) Həqiqətən, zalımlar üçün bundan başqa əzab da hazırlanmışdır. Lakin onların çoxu bunu bilmir.

وَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا ۖ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ [٥٢:٤٨]
48) Sən öz Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. Yuxudan qalxdıqda Rəbbini həmd ilə zikr et!

وَمِنَ ٱلَّيْلِ فَسَبِّحْهُ وَإِدْبَـٰرَ ٱلنُّجُومِ [٥٢:٤٩]
49) Gecənin bir vaxtında, bir də ulduzlar batandan sonra Onun şəninə təriflər de!