50) Qaf Surəsi
"Qaf" surəsi, 45 ayə, Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

قٓ ۚ وَٱلْقُرْءَانِ ٱلْمَجِيدِ [٥٠:١]
1) Qaf. Şərəfli Qurana and olsun!

بَلْ عَجِبُوٓا۟ أَن جَآءَهُم مُّنذِرٌ مِّنْهُمْ فَقَالَ ٱلْكَـٰفِرُونَ هَـٰذَا شَىْءٌ عَجِيبٌ [٥٠:٢]
2) Onlara öz aralarından xəbərdarlıq edən bir peyğəmbər gəlməsinə təəccüb edən kafirlər dedilər: “Bu çox qəribə bir şeydir.

أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًا ۖ ذَ‌ٰلِكَ رَجْعٌۢ بَعِيدٌ [٥٠:٣]
3) Məgər biz ölüb torpağa qarışdıqdan sonra yenidən diriləcəyik? Bu, əlçatmaz bir qayıdışdır!”

قَدْ عَلِمْنَا مَا تَنقُصُ ٱلْأَرْضُ مِنْهُمْ ۖ وَعِندَنَا كِتَـٰبٌ حَفِيظٌۢ [٥٠:٤]
4) Həqiqətən, Biz yerin onlardan nəyi alıb əskiltdiyini bilirik. Bizdə hər şeyi qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır.

بَلْ كَذَّبُوا۟ بِٱلْحَقِّ لَمَّا جَآءَهُمْ فَهُمْ فِىٓ أَمْرٍ مَّرِيجٍ [٥٠:٥]
5) Lakin həqiqət onlara məlum olduqda onu yalan hesab etdilər. İndi onlar çaşqın vəziyyətdədirlər.

أَفَلَمْ يَنظُرُوٓا۟ إِلَى ٱلسَّمَآءِ فَوْقَهُمْ كَيْفَ بَنَيْنَـٰهَا وَزَيَّنَّـٰهَا وَمَا لَهَا مِن فُرُوجٍ [٥٠:٦]
6) Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur.

وَٱلْأَرْضَ مَدَدْنَـٰهَا وَأَلْقَيْنَا فِيهَا رَوَ‌ٰسِىَ وَأَنۢبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍۭ بَهِيجٍ [٥٠:٧]
7) Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik.

تَبْصِرَةً وَذِكْرَىٰ لِكُلِّ عَبْدٍ مُّنِيبٍ [٥٠:٨]
8) Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə belə etdik.

وَنَزَّلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءً مُّبَـٰرَكًا فَأَنۢبَتْنَا بِهِۦ جَنَّـٰتٍ وَحَبَّ ٱلْحَصِيدِ [٥٠:٩]
9) Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik.

وَٱلنَّخْلَ بَاسِقَـٰتٍ لَّهَا طَلْعٌ نَّضِيدٌ [٥٠:١٠]
10) Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik.

رِّزْقًا لِّلْعِبَادِ ۖ وَأَحْيَيْنَا بِهِۦ بَلْدَةً مَّيْتًا ۚ كَذَ‌ٰلِكَ ٱلْخُرُوجُ [٥٠:١١]
11) Qullara ruzi olsun deyə belə etdik! Biz onunla ölü bir məmləkəti diriltdik. Dirilib qəbirdən çıxmaq da belədir.

كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَأَصْحَـٰبُ ٱلرَّسِّ وَثَمُودُ [٥٠:١٢]
12) Onlardan əvvəl Nuh qövmü, Rəss əhli, Səmud tayfası elçiləri yalançı saydı.

وَعَادٌ وَفِرْعَوْنُ وَإِخْوَ‌ٰنُ لُوطٍ [٥٠:١٣]
13) Ad qövmü, Firon xalqı, Lut tayfası,

وَأَصْحَـٰبُ ٱلْأَيْكَةِ وَقَوْمُ تُبَّعٍ ۚ كُلٌّ كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ وَعِيدِ [٥٠:١٤]
14) Əykə əhli və Tubba qövmü – bunların hamısı elçiləri yalançı saydı və Mənim təhdidim gerçəkləşdi.

أَفَعَيِينَا بِٱلْخَلْقِ ٱلْأَوَّلِ ۚ بَلْ هُمْ فِى لَبْسٍ مِّنْ خَلْقٍ جَدِيدٍ [٥٠:١٥]
15) Məgər Biz ilk yaradılışdan zəiflədikmi? Xeyr! Onlar yeni yaradılış olan dirilmə barəsində şübhə içindədirlər.

وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِۦ نَفْسُهُۥ ۖ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ ٱلْوَرِيدِ [٥٠:١٦]
16) İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.

إِذْ يَتَلَقَّى ٱلْمُتَلَقِّيَانِ عَنِ ٱلْيَمِينِ وَعَنِ ٱلشِّمَالِ قَعِيدٌ [٥٠:١٧]
17) Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır.

مَّا يَلْفِظُ مِن قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ [٥٠:١٨]
18) Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın.

وَجَآءَتْ سَكْرَةُ ٱلْمَوْتِ بِٱلْحَقِّ ۖ ذَ‌ٰلِكَ مَا كُنتَ مِنْهُ تَحِيدُ [٥٠:١٩]
19) Ölüm bihuşluğu həqiqətən gələcəkdir. Ey insan! Bu sənin uzaq qaçdığın şeydir.

وَنُفِخَ فِى ٱلصُّورِ ۚ ذَ‌ٰلِكَ يَوْمُ ٱلْوَعِيدِ [٥٠:٢٠]
20) Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür.

وَجَآءَتْ كُلُّ نَفْسٍ مَّعَهَا سَآئِقٌ وَشَهِيدٌ [٥٠:٢١]
21) Hər kəs onu qova-qova məhşərə gətirənlə və bir də əməllərinə şahidlik edənlə birlikdə gələcəkdir.

لَّقَدْ كُنتَ فِى غَفْلَةٍ مِّنْ هَـٰذَا فَكَشَفْنَا عَنكَ غِطَآءَكَ فَبَصَرُكَ ٱلْيَوْمَ حَدِيدٌ [٥٠:٢٢]
22) Sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!”

وَقَالَ قَرِينُهُۥ هَـٰذَا مَا لَدَىَّ عَتِيدٌ [٥٠:٢٣]
23) Yoldaşı (şahid mələk) deyəcəkdir: “Bu yanımdakı hazırdır!”

أَلْقِيَا فِى جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِيدٍ [٥٠:٢٤]
24) Allah əmr edib deyəcək: “Atın Cəhənnəmə hər bir inadcıl kafiri,

مَّنَّاعٍ لِّلْخَيْرِ مُعْتَدٍ مُّرِيبٍ [٥٠:٢٥]
25) xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni,

ٱلَّذِى جَعَلَ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ فَأَلْقِيَاهُ فِى ٱلْعَذَابِ ٱلشَّدِيدِ [٥٠:٢٦]
26) başqa bir məbudu Allaha tay tutanı. Atın onu şiddətli əzabın içinə!”

۞ قَالَ قَرِينُهُۥ رَبَّنَا مَآ أَطْغَيْتُهُۥ وَلَـٰكِن كَانَ فِى ضَلَـٰلٍۭ بَعِيدٍ [٥٠:٢٧]
27) Yoldaşı (şeytan) deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən yoldan çıxartmadım, əksinə, o özü dərin azğınlıq içində idi!”

قَالَ لَا تَخْتَصِمُوا۟ لَدَىَّ وَقَدْ قَدَّمْتُ إِلَيْكُم بِٱلْوَعِيدِ [٥٠:٢٨]
28) Allah deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim.

مَا يُبَدَّلُ ٱلْقَوْلُ لَدَىَّ وَمَآ أَنَا۠ بِظَلَّـٰمٍ لِّلْعَبِيدِ [٥٠:٢٩]
29) Mənim Sözüm dəyişməzdir. Mən bəndələrə zülm edən deyiləm!”

يَوْمَ نَقُولُ لِجَهَنَّمَ هَلِ ٱمْتَلَأْتِ وَتَقُولُ هَلْ مِن مَّزِيدٍ [٥٠:٣٠]
30) O gün Biz Cəhənnəmə: “Doldunmu?”– deyəcəyik. O isə: “Yenə varmı?”– deyəcəkdir.

وَأُزْلِفَتِ ٱلْجَنَّةُ لِلْمُتَّقِينَ غَيْرَ بَعِيدٍ [٥٠:٣١]
31) Cənnət müttəqilərə yaxınlaşdırılacaq, onlardan uzaqda olmayacaqdır.

هَـٰذَا مَا تُوعَدُونَ لِكُلِّ أَوَّابٍ حَفِيظٍ [٥٠:٣٢]
32) Budur sizə vəd edilən Cənnət! O, hər bir tövbə edib Allaha üz tutan, Onun əmrinə riayət edən,

مَّنْ خَشِىَ ٱلرَّحْمَـٰنَ بِٱلْغَيْبِ وَجَآءَ بِقَلْبٍ مُّنِيبٍ [٥٠:٣٣]
33) Mərhəmətli Allahdan Onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür.

ٱدْخُلُوهَا بِسَلَـٰمٍ ۖ ذَ‌ٰلِكَ يَوْمُ ٱلْخُلُودِ [٥٠:٣٤]
34) Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür.

لَهُم مَّا يَشَآءُونَ فِيهَا وَلَدَيْنَا مَزِيدٌ [٥٠:٣٥]
35) Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı Allahı görmək vardır.

وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هُمْ أَشَدُّ مِنْهُم بَطْشًا فَنَقَّبُوا۟ فِى ٱلْبِلَـٰدِ هَلْ مِن مَّحِيصٍ [٥٠:٣٦]
36) Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar diyarbədiyar gəzib dolaşırdılar. Məgər əzabdan qaçıb qurtara bildilərmi?”

إِنَّ فِى ذَ‌ٰلِكَ لَذِكْرَىٰ لِمَن كَانَ لَهُۥ قَلْبٌ أَوْ أَلْقَى ٱلسَّمْعَ وَهُوَ شَهِيدٌ [٥٠:٣٧]
37) Həqiqətən, bunda həssas qəlbi olan, hazır durub diqqətlə qulaq asan kimsə üçün ibrət vardır.

وَلَقَدْ خَلَقْنَا ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا فِى سِتَّةِ أَيَّامٍ وَمَا مَسَّنَا مِن لُّغُوبٍ [٥٠:٣٨]
38) Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq üz vermədi.

فَٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ ٱلشَّمْسِ وَقَبْلَ ٱلْغُرُوبِ [٥٠:٣٩]
39) Sən onların dediklərinə səbir et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!

وَمِنَ ٱلَّيْلِ فَسَبِّحْهُ وَأَدْبَـٰرَ ٱلسُّجُودِ [٥٠:٤٠]
40) Gecənin bir vaxtında və səcdələrdən sonra Onun şəninə təriflər de!

وَٱسْتَمِعْ يَوْمَ يُنَادِ ٱلْمُنَادِ مِن مَّكَانٍ قَرِيبٍ [٥٠:٤١]
41) Dinlə ey Peyğəmbər! O gün carçı yaxın bir yerdən çağıracaqdır.

يَوْمَ يَسْمَعُونَ ٱلصَّيْحَةَ بِٱلْحَقِّ ۚ ذَ‌ٰلِكَ يَوْمُ ٱلْخُرُوجِ [٥٠:٤٢]
42) O gün onlar bu səsi gerçəkdən eşidəcəklər. Bu, qəbirlərdən çıxma günüdür.

إِنَّا نَحْنُ نُحْىِۦ وَنُمِيتُ وَإِلَيْنَا ٱلْمَصِيرُ [٥٠:٤٣]
43) Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş də yalnız Bizədir.

يَوْمَ تَشَقَّقُ ٱلْأَرْضُ عَنْهُمْ سِرَاعًا ۚ ذَ‌ٰلِكَ حَشْرٌ عَلَيْنَا يَسِيرٌ [٥٠:٤٤]
44) O gün yer onlardan ötrü yarılacaq, onlar sürətlə carçıya doğru çıxacaqlar. Beləcə, onları bir yerə yığmaq Bizim üçün asandır.

نَّحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ ۖ وَمَآ أَنتَ عَلَيْهِم بِجَبَّارٍ ۖ فَذَكِّرْ بِٱلْقُرْءَانِ مَن يَخَافُ وَعِيدِ [٥٠:٤٥]
45) Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!