75) Qiyəmə Surəsi
"Qiyamət" surəsi, 40 ayə,
Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
۞
لَآ أُقْسِمُ بِيَوْمِ ٱلْقِيَـٰمَةِ [٧٥:١]
1) And içirəm Qiyamət gününə!
وَلَآ أُقْسِمُ بِٱلنَّفْسِ ٱللَّوَّامَةِ [٧٥:٢]
2) And içirəm peşmançılıq çəkən nəfsə!
أَيَحْسَبُ ٱلْإِنسَـٰنُ أَلَّن نَّجْمَعَ عِظَامَهُۥ [٧٥:٣]
3) İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik.
بَلَىٰ قَـٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّىَ بَنَانَهُۥ [٧٥:٤]
4) Mütləq yığacağıq! Biz onun barmaq uclarını bərpa etməyə qadirik.
بَلْ يُرِيدُ ٱلْإِنسَـٰنُ لِيَفْجُرَ أَمَامَهُۥ [٧٥:٥]
5) Lakin insan bundan sonra da günah etmək fikrindədir.
يَسْـَٔلُ أَيَّانَ يَوْمُ ٱلْقِيَـٰمَةِ [٧٥:٦]
6) O: “Qiyamət günü nə vaxt olacaq!”– deyə rişxəndlə soruşur.
فَإِذَا بَرِقَ ٱلْبَصَرُ [٧٥:٧]
7) Gözlər bərələ qalacağı,
وَخَسَفَ ٱلْقَمَرُ [٧٥:٨]
8) ay tutulacağı
وَجُمِعَ ٱلشَّمْسُ وَٱلْقَمَرُ [٧٥:٩]
9) və günəşlə ayın qovuşacağı zaman –
يَقُولُ ٱلْإِنسَـٰنُ يَوْمَئِذٍ أَيْنَ ٱلْمَفَرُّ [٧٥:١٠]
10) o gün insan deyəcəkdir: “Hara qaçaq?”
كَلَّا لَا وَزَرَ [٧٥:١١]
11) Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq.
إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ ٱلْمُسْتَقَرُّ [٧٥:١٢]
12) O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır.
يُنَبَّؤُا۟ ٱلْإِنسَـٰنُ يَوْمَئِذٍۭ بِمَا قَدَّمَ وَأَخَّرَ [٧٥:١٣]
13) O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir.
بَلِ ٱلْإِنسَـٰنُ عَلَىٰ نَفْسِهِۦ بَصِيرَةٌ [٧٥:١٤]
14) Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir;
وَلَوْ أَلْقَىٰ مَعَاذِيرَهُۥ [٧٥:١٥]
15) üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da.
لَا تُحَرِّكْ بِهِۦ لِسَانَكَ لِتَعْجَلَ بِهِۦٓ [٧٥:١٦]
16) Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!
إِنَّ عَلَيْنَا جَمْعَهُۥ وَقُرْءَانَهُۥ [٧٥:١٧]
17) Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir.
فَإِذَا قَرَأْنَـٰهُ فَٱتَّبِعْ قُرْءَانَهُۥ [٧٥:١٨]
18) Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə.
ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُۥ [٧٥:١٩]
19) Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir.
كَلَّا بَلْ تُحِبُّونَ ٱلْعَاجِلَةَ [٧٥:٢٠]
20) Xeyr! Əksinə, siz tez ötüb keçən fani dünyanı sevir,
وَتَذَرُونَ ٱلْءَاخِرَةَ [٧٥:٢١]
21) Axirətdən isə uzaqlaşırsınız.
وُجُوهٌ يَوْمَئِذٍ نَّاضِرَةٌ [٧٥:٢٢]
22) O gün neçə-neçə üzlər nurlanacaq
إِلَىٰ رَبِّهَا نَاظِرَةٌ [٧٥:٢٣]
23) və öz Rəbbinə baxacaqdır.
وَوُجُوهٌ يَوْمَئِذٍۭ بَاسِرَةٌ [٧٥:٢٤]
24) O gün neçə-neçə üzlər də tutulub qaralacaq,
تَظُنُّ أَن يُفْعَلَ بِهَا فَاقِرَةٌ [٧٥:٢٥]
25) və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir.
كَلَّآ إِذَا بَلَغَتِ ٱلتَّرَاقِىَ [٧٥:٢٦]
26) Xeyr, o ruh körpücük sümüklərinə yetişəcəyi zaman;
وَقِيلَ مَنْ ۜ رَاقٍ [٧٥:٢٧]
27) “Ovsunu kim oxuyacaq?”– deyiləcəkdir.
وَظَنَّ أَنَّهُ ٱلْفِرَاقُ [٧٥:٢٨]
28) Can verən adam dünya həyatından ayrıldığını yəqin edəcəyi,
وَٱلْتَفَّتِ ٱلسَّاقُ بِٱلسَّاقِ [٧٥:٢٩]
29) və ayaq ayağa dolaşacağı zaman –
إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ ٱلْمَسَاقُ [٧٥:٣٠]
30) o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcəkdir.
فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ [٧٥:٣١]
31) O kafir nə Quranı təsdiq etdi, nə də namaz qıldı.
وَلَـٰكِن كَذَّبَ وَتَوَلَّىٰ [٧٥:٣٢]
32) Haqqı da yalan saydı və üz döndərdi.
ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهْلِهِۦ يَتَمَطَّىٰٓ [٧٥:٣٣]
33) Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi.
أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ [٧٥:٣٤]
34) Vay sənin halına, vay!
ثُمَّ أَوْلَىٰ لَكَ فَأَوْلَىٰٓ [٧٥:٣٥]
35) Yenə də vay sənin halına, vay!
أَيَحْسَبُ ٱلْإِنسَـٰنُ أَن يُتْرَكَ سُدًى [٧٥:٣٦]
36) Bəlkə insan özbaşına qoyulacağını güman edir?
أَلَمْ يَكُ نُطْفَةً مِّن مَّنِىٍّ يُمْنَىٰ [٧٥:٣٧]
37) Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi?
ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوَّىٰ [٧٥:٣٨]
38) Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı.
فَجَعَلَ مِنْهُ ٱلزَّوْجَيْنِ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ [٧٥:٣٩]
39) Ondan da bir cüt kişi və qadın yaratdı.
أَلَيْسَ ذَٰلِكَ بِقَـٰدِرٍ عَلَىٰٓ أَن يُحْۦِىَ ٱلْمَوْتَىٰ [٧٥:٤٠]
40) Məgər O, ölüləri diriltməyə qadir deyil?